Təyyarə. Ön sırada bir qadının
Təyyarə. Ön sırada bir qadının halı xarab olub. Stüardessa elan eləyib aramızda həkim olub-olmadığını soruşur. Həkim yoldaşım başını pəncərəyə söykəyib yatıb. Dümsükləyib oyadıram. Durub yol vermək istəyirəm, görürəm, rəhmətlik psixiatr Ağabəy Sultanov arxa sıradan sürətlə gəlir. Yerimə keçib dəhlizi boşaldıram. Ağabəy həkim mənə çatır, başı ilə salam verir, gedir xəstəyə baxmağa. Baxır. Qayıdır. Gəlib yanımda dayanır. Ayağa dururam. Mənə izahat verir: "Doktor, vı znayete, o kadında hipotoniya simptomatikası var. Vozmojno, pəhrizini dəyişib. İli je, orqanizminin allergik reaksiyaları var… Qəliz tibbi terminlərdən ibarət epileptik, astmatik tutmalardan da xeyli danışdı. Mən də ağıllı-ağıllı başımı tərpətdim. Dayandı, mənə: “A kak vı dumayete, doktor?” Nə deyim?! İstədim deyəm, doktor, mən elektrik mühəndisiyəm, tibbi biliyim dibazoldan uzağa getmir, amma ətrafdakıların söhbətimizə diqqətlə qulaq asdığını görüb demədim, qorxdum pərt olar. Amma nəsə də deməli idim. Ağlıma gələn ilk absurd cümləni dedim: "Tak toçno, doktor, po-moyemu, Om qanununun elektrik dirəyinə heç bir aidiyyatı yoxdu". Ağabəy həkim fikrə getdi, mənə qəribə tərzdə baxdı. “Ladno, Bakıda görüşərik” deyib sağollaşıb yerinə keçdi.
Tay bilmədim, Bakıda mənimlə “kolleqa” kimi görüşmək istədi, ya pasient kimi.
Yüklə: Mətn |
Zip