Kişi sözü

Noğulla Şəkər məktəbə gedirdilər. Noğul dedi:

- Kimsə mənim rəsm dəftərimdəki şəkilləri cırıb. Əlimə düşsə, saçlarımı yolacam.

Şəkər susdu.

Onlar uca bir çinarın altında dayandılar. Bir sincab budaqdan-budağa tullanırdı.

- Bəlkə Sincab bilir?

- Nəyi?

- Sənin rəsm dəftərini cıran adamı. Qoy onu çağıraq.

Noğul dedi:

- Sincab, ay Sincab!

Sincab budaqdan-budağa tullanmağında davam etdi.

Noğul yenə qışqırdı:

- Sincab, ay Sincab, karsan?

Şəkər dedi:

- Sincabı adam dilində çağırmazlar!

- Bəs hansı dildə çağırarlar?

- Qoz dilində, - deyə Şəkər dilləndi.

- Qoz dilində?

- Hə də!

Şəkər cibindən üç qoz çıxartdı. Onları bir-birinə sürtdü. Qəribə səs çıxdı. "Xırrrr,xırrrr". Sincab dərhal aşağı düşdü.

Şəkər qozu sındırıb ləpələdi və ovcunda tutdu. Sincab ləpəni tez yeyib, yenə də çinarın başına dırmaşdı.

Noğul dedi:

- Sincab sənə nə dedi? Mənim dəftərimi kim cırıb?

Şəkər dedi:

- Sincab dedi ki, qoy Noğul and içsin ki, dəftərini cıran adamın adını biləndən sonra onu incitməyəcək.

- Hə, söz verirəm.

- Kişi kimi?

-Hə, də kişi kimi!

Şəkər dedi:

- Dünən kimin saçını yolmuşdun?

- Heç kimin! Hə, sənin!

- Dəftəri də mən cırmışam.

Noğul Şəkərin saçlarını dartmaq istədi. Amma yadına düşdü ki, kişi kimi söz verib.

Dedi:

- Bir də sənin saçını yolmaram.

- Mən də sənin dəftərini cırmaram.

Onlar əl-ələ verib məktəbə getdilər.

Yüklə: Mətn | Zip



Top books

Ataqam, \"Vurğun\" (hekayə) “Fələstinli və sərçələr” Telefona zəng gəlir. Deməli, Telegraph qəzetinin Təyyarə. Ön sırada bir qadının Cəvahir Tanrıverdi. Göy qurşağı Eyvaz Zeynallı. Kəşfiyyatçılar Rus sektoru ilə Azərbaycan sektoru Suriya qaçqın 2004-2005-də Kosovada

Recommended sites

president.az mia.gov.az www.taxes.gov.az