Mir Cəlal. Heykəl uçulanda
böyük komissiya gəlmişdi. Aşumovun işlərini yoxlayanda nə tapılmışdısa, nə yazılmışdısa kişi neçə həftə o yan-bu yandan kağız gətirdi, şahid axtardı, heç nə eşitmədilər. Dərhal əmrini verib işdən çıxardılar. İşdən çıxanda nə olar? Vəzifə həmişəlik adamın boynuna biçilməyib ki! Amma Aşumovun məsələsi ayrı cür oldu. Camaata birtəhər gəldi: "Bəli, Aşumovu da dəbərtmək olarmış". Danışırdılar ki, Aşumov təyyarə ilə uçacaq, şikayətə gedəcək, böyük yerdən kağız-filan gətirəcək. Amma getmədi, məsələ ayrı cür oldu. İşdən çıxandan, bilmirəm bir həftə, ya on gün sonra kişi vurğu vurmuş kimi yıxılıb öldü. Bir gecə yatdı, səhər durmadı. Biri dedi iflic olub, biri dedi ürəyindən, biri dedi böyrəyindən! Hər nəsə, yas quruldu, ağlaşma oldu. Kişini götürdülər, dəfn-kəfin elədilər.
Hamı dağılıb işinə, gücünə getdi. Nə idarələrdə, nə küçələrdə, nə də tarlalarda Aşumovdan bir əsər-əlamət qalmadı.
Fələk öz işində idi. Yenə öz qaydası ilə səhər açılır, axşam vaxtında düşür, günəş, bulud, külək, yağış, hava, hamısı qaydasında! Aşumovun uşaqlarının işi qəribə oldu. Bu firon uşaqlar indi kağız kimi qatlanmalı oldular. Necə də qatlanmasınlar? Hara baxdılar, bir havadar görmədilər. Bunların gözünə dağ görünməz, Aşumov görünərdi. Ataları həmişə qarşılarında uca bir heykəl kimi durardı. Uşaqlar elə bilirdilər ki, bu şəhərdə sözü keçən, adı tutulan bir adam varsa, o da atalarıdır.
Şəhərin idarəsini, təşkilatını, adamların həyatını quran, qaydaya salan da ancaq atalarıdır. Amma elə ki, Aşumov öldü, gördülər yox, ey dili-qafıl! Nə qoyub, nə axtarırsan? Ölən bir qarğa, ya sərçə imiş! Dünyanın, camaatın heç vecinə deyil!
Radiolar danışır, konsert verir, teatr tamaşaları göstərilir, tramvaylar zınqhazınq
Yüklə: Mətn |
Zip
Səhifələr: 1 2 3 4 5