Müəzzin məscidin həyətində dəstəmaz üçün qoyulmuş qabdakı su ilə səubuna bulaşmış qan qarışıq yaşıl ləkəni təmizlədi, pulları son şekelinə kimi nəzir qutusuna atdı, ayaqqabılarını çıxardıb içəri keçdi.
Axşam namazı bitmişdi, amma Aban Müəzzin hələ də divara söykəndiyi yerdə dayanıb durmuşdu. Dilinin altında nəsə danışırdı, bunu həm dodaqlarının tərpənməsindən, həm də hərdən zorla eşidiləcək “İlahi” kəlməsindən bilmək olurdu.
***
Luay Abdullahın dükanına az qalmışdı. Qarşıdan gələn maşınlar işıqları ilə göz vurur, sonra da siqnal verib Aban Müəzzinin yoldan çəkilməsini istəyir, bəziləri isə donquldanıb maşınlarını qumluğa salıb ona yol verirdi.
Aban Müəzzin vıyıltı ilə sifətinə çırpılan siqaret kötüyündən diksindi. Pota ilə çalsaqqal qəhqəh çəkib gülüb maşına qaz verdilər. Aban Müəzzin maşının qaldırdığı tozun içində bir neçə dəfə öskürdü, maşının arxasınca astadan “mafii müşkila” deyib əlini közün sifətini dağladığı yerə sürtdü.
Ətir dükanının pəncərəsindən içəri boylandı. Luay Abdullah başını divara söykəyib yuxulamışdı. Dükanın qapısını açıb içəri keçdi. Qapı açılan kimi külək Luay Abdullahın dizinin üstündəki şəkili yerə saldı. Aban Müəzzin Luay Abdullahla Kənaanın anasının, xanyunisli dünya gözəli Ğada Jarbonun qol-boyun fotosunu qaldırıb mizin üstünə qoyub çıxdı.
Aban Müəzzin Kənaanı dükanın arxasında, dibindən kəsilib aşırılmış zeytun ağacının yanında tapdı. Bardaş qurub əlini arxasında çarpazlamışdı. O, Kənaanla üzbəüz oturdu. Kənaan başını ağır-ağır qaldırıb ona baxdı. Üzünün ifadəsi əlini “gürzə” qəlpəsinin batdığı yerə qoyub “Aban, balamızı öldürdülər” zarıyan Ayişəsinin üzündəki ifadəyə necə də oxşayırdı!
Yüklə: Mətn |
Zip
Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10 11